Bu gün məşhur azərbaycanlı kinorejissor, ssenarist Eldar Quliyevin doğum günüdür.
Eldar Tofiq oğlu Quliyev 1941-ci il yanvarın 18-də Bakıda dünyaya göz açıb. 1960-1966-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.
Çoxlu sayda bədii və sənədli filmin müəllifi olan rejissorun ilk müstəqil işi “Biri vardı, biri yoxdu…” adlı qısametrajlı filmi olub. Bu film yazıçı Salam Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivləri əsasında çəkilib.
Xalq artistinin ilk böyük ekran əsəri isə 1969-cu ildə çəkilən “Bir cənub şəhərində” filmidir. Bu film Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovı” povesti əsasında lentə alınıb və lirik-psixoloji dram janrındadır. Filmdə çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyindən bəhs edilir. Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyan “Bir cənub şəhərində” yeniliklə köhnəliyin mübarizəsinə, köhnəlikdən xilas olma prosesinə diqqəti çəkir. 1969-cu ildə Moskvadan gəlmiş nümayəndə heyətinin və respublika rəhbərliyinin baxışından sonra “Bir cənub şəhərində” filminin yayımı dayandırılır. Səbəb isə filmin müəllifinin sovet vətəndaşlarına şər atmaqda günahlandırılması olur.
Eldar Quliyev 1979-cu ildə Azərbaycan kino sənayesinin ən sevilən məhsullarından olan “Babək” filmini çəkir. Hələ də böyük izləyici kütləsinə sahib olan bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə xarici filmlərdən geri qalmır. Elə ona görə də həmin illərdə “Babək” filmini 52 ölkə satın alıb. Bundan əlavə, rejissor “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” kimi filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Onun çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb.
1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olub.
E.Quliyev müsahibələrindən birində filmləri haqqında danışarkən heç bir filmində yalan danışmadığını qeyd edib:
“Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.
Ssenarist 2001-ci il yanvarın 17-də “Şöhrət” ordeni, 14 yanvar 2011-ci ildə “Şərəf” ordeni, 14 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diploma və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli kino” mükafatı, 10 may 2018-ci ildə “Qızıl çinar” beynəlxalq mükafatı və 23 yanvar 2021-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.
Sənətçi 18 yanvar 2021-ci ildə infarkt keçirdikdən sonra bir müddət müalicə alıb və 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Xalq artisti Yasamal qəbiristanlığında, həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.