Pekinlə bağlı hökumətə məsləhətlər verən keçmiş diplomat Çarlz Partonun hazırladığı hesabat Böyük Britaniyada təşviş yaradıb.
Posta.az xəbər verir ki, hesabata görə, Çin insanları soyuducular başda olmaqla, xüsusi proqram vasitəsilə idarə oluna bilən bütün ağıllı məişət texnikası vasitəsilə izləyə bilir.
"Oyanmaq vaxtıdır. Azad ölkələr Çin istehsalı olan modulları tez bir zamanda tədarük zəncirlərindən çıxarmalıdır", - deyə hesabatda xəbərdarlıq edilir.
Hesabata görə, Çin şirkətləri avtomobillərin və məişət cihazlarının içinə xüsusi mikroçiplər yerləşdirir. Bu ayın əvvəlində Böyük Britaniya Təhlükəsizlik Xidməti nazirlik avtomobillərini yoxlayıb. Sökülən bir neçə avtomobildən müxtəlif komponentlərin içərisində gizlədilən mikroçiplər tapılıb. "Telegraph" qəzeti Çinin bu mikroçiplərlə Baş nazirdən tutmuş hər kəsi izləyə biləcəyini yazır.
"Dailymail" qəzetinin yazdığına görə, bu mikroçiplər noutbuklarda, səslə idarə olunan dinamiklərdə, ağıllı saatlarda, ağıllı enerji sayğaclarında, qapı zəngi kameralarında, polislərin üzərində gəzdirdikləri kameralarda, bankomatlarda, avtomobillərdə və hətta cakuzilərdə yerləşdirilib.
"Troya atı" da adlandırılan bu texnologiya ilə Çinin hədəflərin hərəkətlərini izləyə biləcəyi, hətta onların kimlərlə və nə vaxt danışdığını təyin edə bildiyi iddia olunur.
Hesabatda həmçinin bildirilir ki, "Quectel", "Fibocom" və "China Mobile" adlı 3 şirkət qlobal ağıllı cihazlar bazarının 54 faizinə hakimdir. Ölkədəki bütün digər şirkətlər kimi, bu şirkətlər də tələb olunduqda məlumatlarını hökumətə verməlidir. Bu o deməkdir ki, Pekin hökuməti çox geniş spektrə nəzrət edə bilər. Bu 3 nəhəng şirkətin müştəriləri arasında "Dell", "Lenovo", "HP", "Intel" və "Tesla" da var.
Vaşinqtonda yerləşən “The Observe, Orientate, Decide, Act” (OODA) konsaltinq firmasının hesabatında bildirilir ki, Böyük Britaniya hökuməti çox gec olmadan nəsə etməlidir. 2020-ci ildə edilən oxşar xəbərdarlıqdan sonra, casusluq qorxusu ilə "Huawei" texnologiyasının 2027-ci ilə qədər Böyük Britaniyanın mobil infrastrukturundan çıxarılacağı açıqlanmışdı. Ötən aylarda hökumət "Huawei" markalı avadanlıqların 5G şəbəkələrindən çıxarılması üçün şirkətlərə verilən müddətin 31 dekabr 2023-cü ildə bitəcəyini açıqlayıb.
Britaniya Xarici Əlaqələr Komitəsinin rəhbəri Alicia Kearns, "Bu mikroçiplər hamımızın adi kimi gördüyümüz və gündəlik istifadə etdiyimiz cihazlarda yerləşdiyi üçün, kiminsə onları silahlandırması riski böyükdür. Bu məlumatlarla məsələn, Baş nazirin harada olduğu müəyyən edilə bilər. Bu, terrorçular üçün faydalı məlumatlardır".
Günəş
Posta.az